Arterial təzyiqin qəfil yüksəlməsi zamanı ilkin tədbirlər vəziyyətin sabitləşməsinə kömək edə bilər. Foodinfo.az Gazeta.ru saytına istinadla xəbər verir ki, kardioloq və lipidoloq Valentina Baydina dərmansız ilk yardım üsullarını izah edib.

Həkimin sözlərinə görə, təzyiq qəfil qalxdıqda otağı havalandırmaq, dar geyimi boşaltmaq, su içmək və düzgün vəziyyət almaq – oturmaq və ya uzanmaq – faydalı ola bilər. Lakin göstəricilər yüksək olaraq qalırsa, həkim tərəfindən təyin edilmiş dərmanlar qəbul edilməli və tibbi yardım istənilməlidir. Özbaşına və nəzarətsiz şəkildə təzyiqi salmağa çalışmaq insult və infarkt kimi ağır fəsadlara səbəb ola bilər.

Mütəxəssis təhlükəli əlamətlərə də diqqət çəkib: güclü baş ağrısı, ürəkbulanma, qusma, ətraflarda və ya üzün müəyyən hissəsində keyimə, nitq pozuntusu ciddi siqnallar hesab olunur. Bu hallarda dərhal tibbi müdaxilə vacibdir.

Valentina Baydina qeyd edir ki, təzyiq sıçrayışlarına stress, hava dəyişiklikləri, xroniki yuxusuzluq, uzunmüddətli uçuşlar və hormonal dəyişikliklər səbəb ola bilər. Bəzi hallarda qrip, COVID-19 və digər infeksion xəstəliklər də arterial təzyiqin yüksəlməsinə təsir göstərə bilər. Uzunmüddətli perspektivdə isə hipertoniya ilə mübarizə dərman müalicəsi ilə yanaşı, həyat tərzinin korreksiyasını da əhatə etməlidir. Orta intensivlikli fiziki aktivlik, açıq havada gəzinti, artıq çəkinin azaldılması, siqaret və alkoqoldan imtina ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır.