Yüksək dozalarda vitamin C əlavələri mədədə yanma, ürəkbulanma və narahatlıq yarada bilər. Ən tez-tez rast gəlinən yan təsir — osmotik ishaldır, çünki artıq vitamin bağırsaqda suyu özünə çəkir. Foodinfo.az Gazeta.ru saytına istinadla xəbər verir ki, xüsusilə boş mədəyə 1000 mq və daha yüksək dozalarda qəbul edilən konsentratlar bu təsirlərə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, həddindən artıq qəbul xüsusilə GERB və yüksək turşulu qastrit kimi mədə problemləri olan insanlar üçün təhlükəlidir. Belə hallarda daha yumşaq, buferləşdirilmiş formalar (məsələn, kalsium askorbat) üstünlük təşkil etməli və mütləq həkim məsləhəti ilə istifadə olunmalıdır.

Ən etibarlı vitamin C mənbəyi isə hələ də balanslı pəhrizdir: müxtəlif rəngli tərəvəzlər, göyərti və meyvələr gündəlik ehtiyacı tam qarşılayır və mədəyə zərər vermir. Uzun müddət yüksək dozada (1000 mq-dan çox) qəbul zamanı risklər mədədən böyrəklərə keçir və predispozisiya olan insanlarda oksalat daşı əmələ gələ bilər. Bu səbəbdən hər hansı əlavəyə başlamazdan əvvəl mütləq mütəxəssisə müraciət edilməlidir.