Hipotermiya bədən temperaturunun 35 dərəcədən aşağı düşməsi ilə xarakterizə olunan və həyat üçün təhlükə yarada bilən vəziyyətdir. Foodinfo.az bildirir ki, terapevt Svetlana Burnatskayanın sözlərinə görə, bu hal təkcə sərt şaxtalarda deyil, küləkli, rütubətli havada uzun müddət qalındıqda və bədənin yetərincə qorunmadığı hallarda da yarana bilər. Mütəxəssis qeyd edir ki, ilkin mərhələdə orqanizm özünü qorumaq üçün müəyyən siqnallar verir.

Hipotermiyanın ən erkən əlamətlərindən biri qeyri-ixtiyari titrəmədir. Bu, bədənin istilik istehsalını artırmaq üçün verdiyi kompensator reaksiyadır. Həkimin sözlərinə görə, titrəmənin dayanması son dərəcə təhlükəli göstəricidir və vəziyyətin ağır mərhələyə keçdiyini göstərir. Belə halda insan dərhal isti mühitə aparılmalıdır. Digər mühüm əlamət isə hərəkət koordinasiyasının pozulmasıdır. İnsan əllərini idarə etməkdə çətinlik çəkə, düymələri bağlaya bilməyə və tez-tez yıxıla bilər.

Mütəxəssis bildirir ki, şüurun bulanması, apatiya, nitqin ləngiməsi və ümumi “donuqluq” hissi hipotermiyanın ən təhlükəli simptomları sırasındadır. Bu mərhələdə insan vəziyyətinin ciddiliyini dərk etmir və kömək istəmir. Dəri rəngində dəyişikliklər də diqqət çəkə bilər. Üz, qulaq və barmaqlarda solğunluq və ya qızartı müşahidə olunur. Ətraflarda keyimə hissi yaranır, baxmayaraq ki, toxunduqda soyuq hiss olunmaya bilər. Hipotermiya zamanı əvvəlcə tənəffüs sürətlənir, daha sonra isə ləngiyir. Həkim qış aylarında hava şəraitinə uyğun geyinməyin və uzun müddət soyuqda qalmamaqla bu təhlükəli vəziyyətdən qorunmağın vacibliyini vurğulayır.