Sadə qida rejimi qısa müddətdə qanda zərərli yağ səviyyəsini azalda bilər. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, britaniyalı həkim Poonam Krishan dərman qəbul etmədən xolesterini azaltmağın üsulunu açıqlayıb.
Həkim bu barədə BBC Morning Live verilişində danışıb və bildirib ki, yüksək xolesterin geniş yayılmış problemdir və çox vaxt heç bir əlamət vermir. Bu maddə orqanizm üçün vacib olsa da, qanda çoxluğu ürək və damar xəstəlikləri riskini artırır.
Onun sözlərinə görə, alimlərin apardığı araşdırma Bonn Universiteti tərəfindən hazırlanıb və nəticələr Nature Communications jurnalında dərc edilib. Tədqiqat zamanı iştirakçılar iki gün ərzində gündə təxminən üç yüz qram suda bişirilmiş yulaf sıyığı qəbul ediblər.
Nəticədə 48 saatdan sonra zərərli xolesterin orta hesabla on faiz azalıb, təzyiq bir qədər düşüb və iştirakçılar çəki itiriblər. Mütəxəssislər bunu bağırsaq mikroflorasının dəyişməsi ilə izah edirlər. Yulaf faydalı bakteriyaların artmasına kömək edir və yağ mübadiləsini yaxşılaşdırır.
Yulafın təsiri onun tərkibində olan həll olunan liflə bağlıdır. Bu lif öd turşularını bağlayaraq onların sorulmasının qarşısını alır və qaraciyər qandakı artıq xolesterini daha fəal şəkildə uzaqlaşdırır. Gündəlik rasionda müntəzəm istifadə ürək və damar sağlamlığını qorumağa kömək edir.
Bununla belə, mütəxəssislər qeyd edir ki, lifə öyrəşməmiş insanlarda köp yarana bilər. Ona görə də kifayət qədər su içmək və şəkərsiz sıyığa üstünlük vermək tövsiyə olunur. Balanslı qidalanma və hərəkətli həyat tərzi ilə birlikdə bu üsul daha effektiv hesab olunur.






