
Yay mövsümündə orqanizmi yükləmədən yüngül qidalarla qidalanmaq zəruridir. Foodinfo.az bildirir ki, “Meditsina” ASC-nin ümumi praktik həkimi Svetlana Burnatskaya yay pəhrizində salat və fermentləşdirilmiş süd məhsullarının əhəmiyyətindən danışıb.
O, vitamin və liflə zəngin olan tərəvəz, meyvə və göyərtilərin yayda daha çox qəbul edilməsini tövsiyə edib. Burnatskaya vurğulayıb ki, zülal mənbəyi olaraq yumurta, toyuq, dəniz məhsulları və balıq əlavə edilmiş salatlar üstünlük təşkil etməlidir. Mayonez və yağlı souslar yerinə isə zeytun yağı və limon suyu kimi yüngül sarğılardan istifadə etmək məsləhətdir.
Həkim ayran, kefir və tan kimi fermentləşdirilmiş süd məhsullarının susuzluğu yatırdığını və həzmi yaxşılaşdırdığını bildirib. O əlavə edib ki, yayda orqanizmin kalori ehtiyacı azalır, suya tələbat isə artır. Burnatskaya orqanizmin siqnallarına qulaq asmağı və ağır qidalarla yükləməməyi tövsiyə edib. Ekspert qeyd edib ki, yay pəhrizində yüngüllük, sadəlik və mövsümilik əsas prinsiplərdir.