Soyuq mövsümdə orqanizmin yükü artır və bu dövrdə düzgün qidalanma xüsusilə önəmli olur. Foodinfo.az Championat-a istinadən xəbər verir ki, AO “Medisina” şirkətinin kardioloqu Yevgeni Kokin qış aylarında ürək-damar sisteminin normal fəaliyyətini dəstəkləmək üçün vacib olan vitamin və mikroelementləri sadalayıb. Həkimin sözlərinə görə, bu maddələr orqanizmin soyuğa uyğunlaşmasına və ümumi sağlamlığın qorunmasına kömək edir.

Mütəxəssis ilk növbədə D vitamininə diqqət çəkib. Bildirilib ki, yağlı balıq, yumurta sarısı və zənginləşdirilmiş qidalarla qəbul edilən D vitamini iltihabı azaldır, damarların daxili qatının funksiyasını yaxşılaşdırır və ürək-damar sistemi üçün mühüm tarazlıq yaradır.

Kardioloq omeqa-3 yağ turşularının da qış aylarında əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, somon, skumbriya, kətan yağı və balıq yağında olan omeqa-3 triqliseridlərin səviyyəsini azaldır, ürək ritmini qoruyur və qan dövranına müsbət təsir göstərir.

Maqneziumun isə damar spazmlarının azalmasına və ürək keçiriciliyinin yaxşılaşmasına kömək etdiyi bildirilib. Qoz-fındıq, balqabaq tumu, yaşıl tərəvəzlər və tam taxıllı məhsullar maqneziumla zəngin qidalar sırasında göstərilib.

Kalium da qış qidalanmasında xüsusi yer tutur. Həkim qeyd edib ki, banan, kartof, ispanaq, avokado və quru ərik kalium mənbəyi olmaqla qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır.

Bundan əlavə, K2 vitamininin damarların sərtləşməsinin qarşısının alınmasında iştirak etdiyi bildirilib. Bərk pendirlər və yumurta sarısı bu vitaminin əsas mənbələri kimi göstərilib.

Sonda mütəxəssis C və E vitaminləri, həmçinin selen kimi antioksidantların əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, sitrus meyvələri, kivi, şirin bibər, badam və Braziliya qozu damarları oksidləşdirici gərginlikdən qoruyaraq ürək sağlamlığını dəstəkləyir. Həkim vurğulayıb ki, bu maddələrin balanslı qəbulu qış aylarında özünü daha gümrah hiss etməyə kömək edə bilər.