Sağlamlığı qorumaq üçün bahalı məhsullara ehtiyac olmadığını bildirən mütəxəssislər, gündəlik qidalanmada sadə yeməklərin də güclü təsir göstərə biləcəyini vurğulayırlar.

Foodinfo.az xəbər verir ki, həkim Olqa Sayno immunitet üçün ən faydalı yeməklərdən birinin toyuq bulyonu olduğunu bildirib. Onun sözlərinə görə, bu yeməyin təsiri zəngin tərkibi ilə bağlıdır: bulyonda kollagen, kalium, maqnezium, fosfor kimi minerallar, həmçinin qlisin və prolin kimi amin turşuları mövcuddur ki, bunlar orqanizmin bərpasına kömək edir.

Mütəxəssis qeyd edir ki, xüsusilə karnosin və sistein kimi maddələr iltihabı azaltmağa və tənəffüs yollarını rahatlaşdırmağa kömək edir. Sistein bəlğəmin durulaşmasına və öskürəyin yüngülləşməsinə təsir göstərir, bu da soyuqdəymə zamanı bulyonu daha faydalı edir. Bundan əlavə, tərkibində olan L-karnitin yağ turşularının orqanizmdə daşınmasına dəstək verir.

Həkimin sözlərinə görə, bulyona ədviyyə əlavə edilməsi onun təsirini daha da gücləndirir – selikli qişalarda qan dövranını artırır və immun sistemini stimullaşdırır. Bu yemək təkcə xəstəlik zamanı deyil, həm də idmandan sonra bərpa üçün faydalıdır, çünki elektrolit balansını tənzimləməyə kömək edir.

Alternativ olaraq balıq bulyonu da tövsiyə olunur. O, omeqa-3 yağ turşuları, D vitamini və yodla zəngindir, bu da ürək və qalxanabənzər vəzinin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.