Bir çox insan gün ərzində içilən çayın su ehtiyacını tam qarşıladığını düşünür. Lakin mütəxəssislər bildirirlər ki, bu fikir tam doğru deyil və çay suyun tam alternativi hesab edilmir.
Foodinfo.az Healthline saytına istinadla xəbər verir ki, dietoloq Mark Teylorun sözlərinə görə, çay orqanizmdə maye balansına müəyyən qədər töhfə versə də, əsas su mənbəyini əvəz edə bilmir. Xüsusilə tərkibində kofein olan qara və yaşıl çaylar sidikqovucu təsir göstərə bilər ki, bu da bəzi hallarda maye itkisini artırır.
Ekspert qeyd edib ki, bitki çayları kofeinsiz olduqda suya daha yaxın alternativ sayılır, lakin yenə də orqanizmin əsas ehtiyacını tam şəkildə qarşılamır. Gün ərzində qəbul edilən mayenin əsas hissəsi təmiz su olmalıdır.
Mütəxəssis əlavə edib ki, orqanizmin düzgün işləməsi üçün su içmək enerji mübadiləsi, həzm və temperaturun tənzimlənməsi baxımından vacib rol oynayır. Çay isə yalnız əlavə maye mənbəyi kimi qəbul edilməlidir.
Həkimlərin tövsiyəsinə görə, sağlam insanlar gün ərzində suyun əsas içki kimi qəbuluna üstünlük verməli, çayı isə balanslı şəkildə içməlidirlər.






