Qidalanma üzrə mütəxəssis Qalina Leonova çipslərin sağlamlıq üçün təhlükəli olduğunu bildirib. Foodinfo.az bildirir ki, onun sözlərinə görə, bu məhsulun tərkibindəki bəzi maddələr orqanizmdə maddələr mübadiləsini poza və bir sıra ağır xəstəliklərə səbəb ola bilər.

Leonovanın sözlərinə görə, çipslərdə yüksək miqdarda rafinə olunmuş yağlar və akrilamid adlı maddə olur. Akrilamid – yüksək temperaturda qızardılmış məhsullarda əmələ gələn tanınmış kanserogendir və sinir sisteminə mənfi təsir göstərməklə yanaşı, xərçəng riskini də artıra bilər.

Mütəxəssis əlavə edib ki, oksidləşmiş yağların gündəlik qəbulu faydalı və qidalı məhsulların yerini tutur. Bu isə bədənin vitamin, mineral və sağlam yağlar kimi əsas maddələrlə təmin olunmasında problemlər yaradır.

Leonova vurğulayır ki, çips kimi qəlyanaltılar həm də orqanizmin enerji balansını pozur, artıq çəki, piylənmə və maddələr mübadiləsi pozuntularına gətirib çıxara bilər. Üstəlik, bu məhsulların tərkibindəki duz və əlavələr də yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskini artırır.

O, sağlam alternativlərə üstünlük verməyi tövsiyə edir – məsələn, sobada qurudulmuş tərəvəz dilimləri və ya duzsuz, əlavə yağsız çərəzlər. Belə seçimlər həm zərərsizdir, həm də daha çox qida dəyəri daşıyır.