Bananı soyuducuda saxlamaq onun həm dadına, həm də görünüşünə mənfi təsir göstərir.
Foodinfo.az xəbər verir ki, tropik meyvə olan banan soyuğa qarşı çox həssasdır və aşağı temperaturda tez xarab olur.
Əsas səbəblərdən biri budur ki, soyuducu şəraitində bananın qabığı qısa müddətdə qaralır. Bu, meyvənin xarab olması anlamına gəlməsə də, onun təzə görünüşünü itirir və istehlakçılar üçün cəlbediciliyini azaldır.
Bundan başqa, soyuq mühit bananın yetişmə prosesini dayandırır. Otaq temperaturunda təbii şəkildə yetişən banan soyuducuda “dayanmış” vəziyyətdə qalır və dad baxımından zəifləyir. Uzun müddət soyuducuda saxlandıqda isə bananın iç hissəsi yumşalır, su itkisinə məruz qalır və teksturası pozulur.
Bananı otaq temperaturunda, günəş işığından uzaq yerdə saxlamaq tövsiyə edilir. Əgər meyvə artıq çox yetişibsə, onu qabığını soyub dondurucuda saxlamaq mümkündür. Bu halda banan sonradan smuzi, desert və ya dondurma hazırlamaq üçün istifadə oluna bilər.






