Payız mövsümü balqabağı rasiona daxil etmək üçün ən ideal vaxt hesab olunur. Foodinfo.az “Aif.ru” saytına istinadla xəbər verir ki, diyetoloq, tibb elmləri namizədi Tatyana Feofanova balqabağın ən çox hansı halda faydalı olduğunu və onu necə seçmək lazım gəldiyini izah edib.
Mütəxəssisin sözlərinə görə, balqabağın faydası onun növündən və hazırlanma üsulundan asılıdır. Məsələn, iri və daha sulu növlər pürelər, şorbalar və sıyıqlar üçün uyğundur. Şirin dadlı, qoz ətirli muskat balqabağı meyvə və ədviyyatlarla mükəmməl şəkildə birləşir. Qatı, az şirin növlər isə duzlu pendirlərlə — məsələn, parmezan və ya xorqonçola kimi kəskin dadlı pendirlərlə — ideal uyğunluq yaradır.
Feofanova balqabaq seçərkən onun qabığının bütöv, quyruğunun isə quru və sərt olmasına diqqət etməyi məsləhət görüb. Həmçinin alarkən meyvəyə yüngülcə vurduqda çıxan səsin “boğuq, amma aydın” olması keyfiyyət göstəricisidir. Mütəxəssis xəbərdarlıq edib ki, çox böyük balqabaq almaq düzgün deyil, çünki kəsildikdən sonra məhsul uzun müddət saxlanmır və tərkibindəki faydalı maddələr tez itir.






