Balqabaq bir çox vitamin və mineralla zəngin olsa da, hər kəs üçün faydalı sayılmır. Foodinfo.az “URA.RU” saytına istinadla xəbər verir ki, diyetoloq Larisa Nikitina bəzi xəstəliklər zamanı balqabağın istifadəsinin təhlükəli ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, bu tərəvəz A, C, E, K və B qrupu vitaminləri, eləcə də lif və kalium baxımından zəngindir. Lakin müəyyən xəstəliklərdə onun tərkibindəki maddələr bədəndə mənfi reaksiyalara səbəb ola bilər.
Nikitina ilk növbədə mədə-bağırsaq sistemi xəstəlikləri olan şəxsləri xəbərdar edib. Onun sözlərinə görə, qastrit, mədə və onikibarmaq bağırsaq yarası, kolit kimi problemlər kəskinləşdiyi dövrlərdə balqabaq qəbul etmək qəti tövsiyə olunmur.
İkinci risk qrupu safra daşı xəstələridir. Dietoloq bildirib ki, balqabağın ödqovucu təsiri var və bu, öd kisəsində daş olan insanlarda ağrı və hərəkət riski yarada bilər.
Üçüncü kateqoriyaya allergiya və qida dözümsüzlüyü olan şəxslər daxildir. Nikitinanın sözlərinə görə, bəzi insanlarda balqabağa qarşı fərdi allergik reaksiya mümkündür.
Dördüncü halda isə söhbət diabet xəstələrindən gedir. Xüsusilə bişmiş balqabağın qlikemik indeksi çox yüksək olur – xam halda bu göstərici 25-dirsə, bişdikdə 85-ə qədər yüksəlir. Bu isə şəkərli diabeti olan şəxslər üçün təhlükəli sayılır.
Diyetoloq əlavə edib ki, balqabağın bədənə təsiri onun hazırlanma üsulundan asılıdır. Sıx və lifli quruluşa malik xam balqabaq bəzi insanlarda köp, diskomfort və həzm pozğunluqları yarada bilər. Buna görə o, uşaqlara və yaşlılara xam formada verilməməlidir.
Mütəxəssis həmçinin balqabağın qızardılmış halda istifadəsini ən zərərli üsul adlandırıb. Çünki bu zaman tərkibindəki vitaminlərin 70%-ə qədəri məhv olur, üstəlik, yüksək temperaturda qızartma prosesi zamanı bədəndə zərərli maddələr — kanserogenlər əmələ gəlir.
Nikitina vurğulayıb ki, balqabaqdan fayda görmək üçün onu buxarda və ya sobada az yağla bişirmək daha məqsədəuyğundur.






