Məşhur “Şayn Muskat” üzümünün iri gilələri zərərli kimyəvi maddələrin, pestisidlərin və ya böyümə hormonlarının təsiri nəticəsində deyil, seleksiya yolu ilə əldə edilib. Foodinfo.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya istinadla Sports.kz məlumat yayıb.

Mütəxəssis Nikita Faustovun sözlərinə görə, “Şayn Muskat” sortu 1988-ci ildə Yaponiyada klassik seleksiya üsulu ilə yetişdirilib. Alimlər bir neçə il ərzində müxtəlif üzüm növlərini birləşdirərək iri və sıx giləli, çəyirdəksiz, dadlı və xəstəliklərə davamlı bitkiləri seçiblər. Faustov bildirib ki, bu növün genetik xüsusiyyəti – hüceyrələrin və hüceyrələrarası boşluqların çoxluğu – gilələrin böyüklüyünü təmin edir.

“Bu, uzunmüddətli və dəqiq seleksiya işinin nəticəsidir, böyümə stimulyatorlarının təsiri deyil. Üzümlükdə kimyəvi maddələr yalnız zərərvericilərdən qorunmaq üçün istifadə olunur və gilələrin ölçüsünə təsir etmir”, – deyə alim vurğulayıb.

Mütəxəssis həmçinin üzümün “pəhriz məhsulu” olması barədə fikri də təkzib edib. Onun sözlərinə görə, “Şayn Muskat” enerji dəyərinə görə digər üzüm növlərindən fərqlənmir və onu da ölçü ilə yemək lazımdır. Xüsusilə artıq çəkisinə nəzarət edən və maddələr mübadiləsi pozulmuş şəxslər diqqətli olmalıdır.

Faustov qeyd edib ki, bu üzüm növündə şəkərin miqdarı 100 qramda təxminən 2–2,5 çay qaşığı təşkil edir. Kaloriliyi isə 69–80 kilokalori arasındadır.

“Şayn Muskat” üzümü B qrupu vitaminləri, K vitamini, kalium və antioksidantlarla zəngindir. Onun qalın qabığında damarları möhkəmləndirən rütin (P vitamini) və iltihabəleyhinə xüsusiyyətləri ilə tanınan resveratrol maddəsi mövcuddur. Bundan başqa, qabığında bakteriyalara qarşı təsir göstərən tanin birləşmələri toplanır.

Mütəxəssislər bildiriblər ki, bu növ üzümün yeganə mümkün riski – digər idxal meyvələrində olduğu kimi – qalıq pestisidlərin olması ilə bağlı ola bilər. Lakin idxal edilən məhsullar sərhəddə məcburi fitosanitar yoxlamadan keçir.