Modul tipli kəsim məntəqələri modul baytarlıq-sanitariya ekspertizası laboratoriyaları ilə təmin edilməlidir. Bu laboratoriyalarda müvafiq avadanlıq və reaktivlərin olması zəruridir. Kəsilən heyvanlardan və ya quşlardan götürülən nümunələr həmin laboratoriyalarda laborator müayinələrə cəlb edilməlidir.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, modul tipli kəsim məntəqələrinin (nəqliyyat vasitələri üçün giriş və çıxış nəzərdə tutulduğu halda) nəqliyyat vasitələri və piyadalar üçün keçidlərində dezinfeksiyaedici baryerlər olmalıdır. Həmçinin bu məntəqələrdə müvafiq tələblərə uyğun istilik, su, kanalizasiya, təbii və mexaniki havalandırma sistemləri, həmçinin yanğından mühafizə sistemləri quraşdırılmalıdır.

Qeyd edək ki, heyvan və ya quş kəsimi həyata keçirilən dəmir konstruksiya ilə quraşdırılan müvəqqəti tikili modul tipli kəsim məntəqəsi adlanır.