Ət satışı müəssisəsində qablaşdırılmış ət məhsulları üzərindəki etiketdə məhsulun istehsalı və son istifadə tarixi və ya yararlılıq müddəti göstərilməlidir.

Foodinfo.az xəbər verir ki, müəssisədə ət və ət məhsullarının satış üçün davamlı, təmiz, quru, qoxusuz və ətraf mühitə mənfi təsiri az olan alternativ qablaşdırma materiallarından (parça, kağız) və ya qalınlığı 15 mikrondan yuxarı olan plastik torbalardan istifadə edilməlidir. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, ət və ət məhsulları su keçirməyən, paslanmayan, asan yuyulan və dezinfeksiya ediləbilən qablarda saxlanmalı və daşınmalıdır. Sub məhsullar (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.) yalnız qablaşdırılmış halda olduqda, digər ət və ət məhsulları ilə eyni soyuducuda saxlanıla bilər.

Qeyd edək ki, ət satışı müəssisəsi bir otaqdan (ticarət zalından) ibarət olduğu təqdirdə, onun sahəsi şərti olaraq 3 bölməyə ayrılır. Bunlar ətin doğranması və işlənməsi, ətin çeşidlənməsi və qablaşdırılması və ət satış (vitrin) bölmələridir.