Bəzi qidalanma və həyat tərzi vərdişləri arıqlamaq istəyənlərin qarşısını alır. Foodinfo.az bildirir ki, bu barədə Səhiyyə Sənayesində İnteqrativ Mütəxəssislər Assosiasiyasının prezidenti və dietoloq Antonina Tsvinaria məlumat verib.

Onun sözlərinə görə, ilk böyük səhv kalori qəbulunu həddən artıq məhdudlaşdırmaqdır. Bu hal maddələr mübadiləsini zəiflədir və bədənin enerjini qənaət rejiminə keçməsinə səbəb olur. İkinci səhv isə yuxu və stress səviyyəsinin düzgün tənzimlənməməsidir.

Tsvinaria qeyd edib ki, gecə 5 saatdan az yatanların artıq çəki problemi yaşama ehtimalı 32% çoxdur. Üçüncü səhv isə guya sağlam hesab edilən şirniyyatlara aldanmaqdır. Mütəxəssis bildirib ki, xurma, qoz və toxum qarışıqlı şirniyyatlar da klassik desertlər qədər kalorilidir. Dördüncü səhv isə daim qəlyanaltı etmək vərdişidir ki, bu da insulini yüksəldərək piy parçalanmasını zəiflədir.

Beşinci problem, pəhriz zamanı zülal qəbulunun azalması və bunun əzələ kütləsinin itirilməsinə səbəb olmasıdır. Altıncı səhv güc məşqlərindən imtina etmək, yeddinci səhv isə qadınlarda aybaşı dövrünü və hormon dəyişikliklərini nəzərə almamaqdır.