Şimali Karolina Universitetinin alimləri maraqlı bir araşdırma apararaq sübut ediblər ki, çox yağlı qidaların qəbulu insan yaddaşını son dərəcə qısa müddətdə – cəmi dörd gün ərzində zəiflədə bilər.

Foodinfo.az xəbər verir ki, araşdırmanın nəticələri beynin yaddaşa cavabdeh olan hipokamp hissəsində xüsusi neyronların həddindən artıq aktivləşməsi ilə bağlıdır.

Mütəxəssislər müəyyən ediblər ki, yüksək yağlı pəhriz beynin qlükozanı mənimsəmə qabiliyyətini pozur. Bu isə ССК-interneyronlarının hiperaktivləşməsinə səbəb olur və yaddaş proseslərini zəiflədir.

Elm adamlarının sözlərinə görə, bu prosesdə əsas rol oynayan PKM2 adlı zülaldır. O, beyin hüceyrələrinin enerji sərfiyyatını tənzimləyir və yağlı qidaların təsiri ilə funksiyasını itirir.

Tədqiqatçılardan professor Xuan Son bildirib:
“Biz əvvəllər də bilirdik ki, qidalanma və metabolizm beynin sağlamlığına təsir göstərir, amma sadəcə bir neçə gün ərzində yağlı qidaların belə spesifik neyron qrupuna bu qədər birbaşa təsir etdiyini gözləmirdik.”

Mütəxəssislər xəbərdarlıq edir ki, uzunmüddətli zərərli qidalanma beyində daha ciddi dəyişikliklər yarada bilər. Bu səbəbdən balanslı pəhriz yaddaşın qorunması və ümumi beyin sağlamlığı üçün əsas amil hesab olunur.