
Payızın ən sevilən meyvələrindən olan xurma təkcə dadı ilə deyil, həm də sağlamlığa faydaları ilə seçilir. Foodinfo.az xəbər verir ki, mütəxəssislər bu meyvənin necə seçilməli və hansı qaydada yeyilməli olduğunu izah edərək həm faydasını maksimuma çatdırmaq, həm də mümkün zərərlərdən qorunmaq üçün vacib məsləhətlər veriblər.
Ekspertlərin sözlərinə görə, xurmanın əsas dəyəri onun yüksək beta-karotin tərkibindədir. Bu güclü antioksidant A vitamininin mənbəyidir, immuniteti gücləndirir, hüceyrələri zədələnmədən qoruyur və orqanizmdə qocalma prosesini ləngidir.
Meyvənin tərkibində həmçinin B qrupu vitaminləri, eləcə də C və P vitaminləri var ki, bunlar birlikdə bədəni virus və bakteriyalara qarşı daha dözümlü edir, xüsusən də payız-qış mövsümündə orqanizmin müdafiə gücünü artırır.
Xurma həm də vacib mikroelementlərlə zəngindir: kalium artıq mayeni bədəndən xaric etməyə kömək edir, maqnezium qidaların mənimsənilməsini və duzların orqanizmdən çıxarılmasını asanlaşdırır, dəmir qandakı hemoglobin səviyyəsini sabit saxlayır, yod isə qalxanabənzər vəzinin sağlam fəaliyyətini təmin edir.
Tam yetişmiş xurma tərkibindəki kletçka sayəsində həzmi yaxşılaşdırır və bağırsaqların fəaliyyətini təbii şəkildə stimullaşdırır. Lakin həkimlər xəbərdarlıq edir ki, xurmanın tərkibindəki taninlər – ona büzücü dad verən maddələr – çox miqdarda qəbul edildikdə həzm sisteminə mənfi təsir göstərə bilər.
Mütəxəssislər bildirir ki, xurmanı ət, pendir və süd kimi zülal baxımından zəngin qidalarla birlikdə yemək düzgün deyil, çünki bu, mədə-bağırsaq sistemində narahatlıq yarada bilər. Yarasa, pankreatit, xolesistit və ya şəkərli diabet kimi mədə-bağırsaq xəstəlikləri olan insanların isə bu meyvəni ehtiyatla qəbul etməsi tövsiyə olunur.
Xurma alarkən onun xarici görünüşünə diqqət etmək vacibdir. Keyfiyyətli meyvə parlaq narıncı rəngdə, hamar, möhkəm və parlaq qabıqlı olmalıdır. Quru və qəhvəyi saplaq meyvənin yetişdiyini göstərir, yaşıl saplaq isə onun hələ tam yetişmədiyini bildirir. Çatlamış, ləkəli və zədələnmiş xurmalardan uzaq durmaq lazımdır.
Ən ideal xurma ətirli, ətli, şirəli və yumşaq olur. Belə meyvə nəinki dad baxımından mükəmməldir, həm də orqanizm üçün maksimum fayda verir. Payız menyusunda xurmaya yer vermək isə həm immuniteti gücləndirir, həm də bədəni mövsümi xəstəliklərə qarşı daha dayanıqlı edir.