Mətbəxdə ən çox istifadə olunan alətlərdən biri olan taxta qaşıqların sağlamlıq üçün təhlükəsiz olub-olmaması ilə bağlı müzakirələr davam edir. 

Foodinfo.az xəbər verir ki, taxta qaşıqla yemək bişirmək ümumilikdə təhlükəsiz hesab olunur, lakin bu, düzgün istifadə və gigiyena qaydalarına əməl edilməsindən asılıdır. Taxta material istilik keçirmədiyi üçün əli yandırmır, həmçinin qazan və tavaların səthinə zərər vermir. Bundan əlavə, plastik mətbəx alətlərindən fərqli olaraq, yüksək temperaturda zərərli kimyəvi maddələr ifraz etmir.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, taxta qaşıqlar məsaməli quruluşa malikdir və bu səbəbdən nəm, qida qalıqları və bakteriyaları özündə saxlaya bilər. Xüsusilə uzun müddət nəm vəziyyətdə qalan və üzərində çatlar yaranan qaşıqlar sağlamlıq üçün risk yarada bilər.

Taxta qaşıqlardan istifadə zamanı onları hər istifadədən sonra yaxşıca yumağı, suda uzun müddət saxlamamağı və tam qurudaraq saxlamağı tövsiyə edirlər. Qoxu yaranarsa və ya qaşıqda çatlar müşahidə olunarsa, onun yenisi ilə əvəz edilməsi məsləhət görülür.

Düzgün qulluq edildikdə taxta qaşıqlar mətbəxdə təhlükəsiz və faydalı seçim olaraq qalır.