Davamlı və ağır stress sağlamlıq üçün təhlükəli olsa da, onun bir növü — faydalı stress insan orqanizmi üçün müsbət təsir göstərə bilər. Foodinfo.az “Lenta.ru” saytına istinadla xəbər verir ki, bu barədə psixoterapevt İrina Kraškina məlumat verib.

Mütəxəssisin sözlərinə görə, “eustress” adlanan bu vəziyyət insanın gərginliyi təhdid kimi deyil, çağırış kimi qəbul etdiyi hallarda yaranır. Bu zaman orqanizm resurslarını səfərbər edir və vəziyyətə uyğunlaşma mexanizmlərini işə salır.

Kraškina bildirib ki, belə stress növü dağıdıcı deyil, əksinə, beynin fəaliyyətini stimullaşdırır və zehni bacarıqları artırır. O vurğulayıb ki, eustress yaddaşı gücləndirir, diqqəti toplamağı asanlaşdırır, immun sistemini möhkəmləndirir və yaradıcılıq qabiliyyətini artırır.

Psixoterapevtin fikrincə, bu cür stress insanın şəxsi inkişafına kömək edir, onun çətinliklərə qarşı dözümlülüyünü artırır və emosional sabitliyini möhkəmləndirir.

Eyni zamanda, mütəxəssis qeyd edib ki, zərərli stresslə faydalı stress arasındakı əsas fərq insanın hadisəyə münasibətindədir. Əgər insan vəziyyəti təhlükə kimi deyil, özünü sınağa çəkmək və inkişaf imkanı kimi qəbul edirsə, bu, artıq faydalı stress hesab olunur.

Kraškina əlavə edib ki, həyatda qarşıya çıxan çətinliklərə düzgün baxış tərzi formalaşdırmaq həm ruhi, həm də fiziki sağlamlığı qorumağa kömək edir.