Kəklikotu yağı tərkibindəki timol və karvakrol maddələri sayəsində güclü antifungal (göbələkəleyhinə) xüsusiyyətlərə malikdir. Foodinfo.az xəbər verir ki, bu maddələr göbələk hüceyrələrinin çoxalmasının qarşısını alır və dırnaqlarda yaranan infeksiyanın zəifləməsinə kömək edir.
Dırnaq göbələyi zamanı adətən iltihab, qaşınma və qızartı kimi əlamətlər müşahidə olunur. Kəklikotu yağı bu simptomları azaldaraq zərərli mikroorqanizmlərin təsirini zəiflədir və rahatlaşdırıcı təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, kəklikotu yağı birbaşa dərinin üzərinə tətbiq edilməməlidir, çünki bu, qıcıq və yanmaya səbəb ola bilər. Yağı zeytun yağı və ya hindistan qozu yağı ilə qarışdıraraq gündə 1–2 dəfə göbələkli dırnağa çəkmək daha təhlükəsiz sayılır.
İrəliləmiş dırnaq göbələyi hallarında yalnız bitki mənşəli yağlardan istifadə etmək kifayət etmir. Belə vəziyyətlərdə dermatoloqun təyin etdiyi antifungal müalicə ilə yanaşı, kəklikotu yağından yardımçı vasitə kimi faydalanmaq mümkündür.






