Soyuqdəymə zamanı edilən bəzi səhvlər müalicə prosesini ləngidir və xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Foodinfo.az “Lenta.ru” saytına istinadla xəbər verir ki, otolarinqoloq Murad Qurbanov insanların ən çox buraxdığı üç təhlükəli səhvi açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, ilk və ən ciddi səhv antibiotiklərin özbaşına qəbulu ilə bağlıdır. Qurbanov bildirib ki, virus mənşəli infeksiyalar zamanı antibiotiklər təsir etmir və bu dərmanların nəzarətsiz istifadəsi bakteriyaların davamlılığını artırır, bağırsaq mikroflorasını pozur və allergik reaksiyalara yol açır.

İkinci geniş yayılmış səhv isə burun tıxanıqlığını aradan qaldırmaq üçün damar daraldıcı damcılardan uzun müddət istifadə etməkdir. Həkim xəbərdarlıq edib ki, bu preparatlar maksimum 5-7 gün istifadə olunmalıdır, əks halda orqanizm onlara öyrəşir və dərmansız nəfəsalma çətinləşir.

Üçüncü təhlükəli davranış isə xəstəliyi “ayaqüstə keçirmək” cəhdidir. Həkim vurğulayıb ki, soyuqdəymədən tam sağalmaq üçün bədənə istirahət və kifayət qədər maye qəbulu vacibdir. Yuxusuzluq və susuz qalmaq orqanizmdə intoksikasiyanı artırır, immun sistemini zəiflədir və bərpa prosesini xeyli ləngidir.