Mineral su əksər hallarda sağlamlıq üçün faydalı içki kimi qəbul olunur. Foodinfo.az xəbər verir ki, Piroqov Universitetinin əməkdaşı Denis Borozdenko mineral suyun təsirinin onun tərkibindəki duzların miqdarından və insanın sağlamlıq vəziyyətindən asılı olduğunu bildirib.

Mütəxəssisin izahına görə, mineral sular üç əsas qrupa bölünür:

Süfrə mineral suyu – litrdə 1 qramadək duz ehtiva edir və gündəlik istifadəyə uyğundur.

Müalicəvi-süfrə suyu – 1–10 qram duz saxlayır, isti havalarda və fiziki gərginlik zamanı tövsiyə olunur.

Müalicəvi mineral su – litrdə 10 qramdan çox duz olur və yalnız həkim təyinatı ilə içilməlidir.

Borozdenkonun sözlərinə görə, gündə təxminən 1 litr süfrə mineral suyu qəbul etmək sümük zəifliyi (osteoporoz), qanazlığı (anemiya) və mədə-bağırsaq problemlərinin qarşısını almaqda faydalı ola bilər. Bunun səbəbi onun tərkibindəki maqnezium, kalsium və dəmirdir. Bundan əlavə, belə su sinir gərginliyini azaldaraq nevroz əlamətlərini yüngülləşdirə bilər.

Lakin hər kəs üçün mineral su təhlükəsiz deyil. Yüksək təzyiqdən (hipertoniya) əziyyət çəkənlər üçün natriumun çoxluğu təzyiqi daha da qaldıra bilər. Böyrək daşları olan insanlarda isə kalsiumun artıq miqdarı daş əmələ gəlməsini sürətləndirə bilər.

Mütəxəssis məsləhət görür ki, insanlar mineral su seçərkən onun etiketindəki mineral tərkibinə diqqət etsinlər və sağlamlıq problemləri olduqda həkimlə məsləhətləşsinlər.