
Vitamin və mineralları qəbul edərkən onların bir-birinə təsirini nəzərə almaq vacibdir. Foodinfo.az xəbər verir ki, həkim-terapevt Zarema Ten bəzi qida əlavələrinin eyni anda qəbulunun faydanı azalda və ya tamamilə aradan qaldıra biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, xüsusilə kalsium digərləri ilə rəqabət aparır və yüksək dozada (300 milliqramdan çox) qəbul edildikdə dəmirin sorulmasını 40-50 faizədək azalda bilər. Bundan əlavə, kalsium bağırsaqda maqnezium və sinkin mənimsənilməsini də zəiflədir, çünki bu elementlərin orqanizmə daşınma mexanizmləri oxşardır.
Ekspert qeyd edir ki, bu cür maddələrin birgə qəbulundan çəkinmək, onları ən azı 4-6 saat fasilə ilə qəbul etmək lazımdır. Məsələn, səhər birini, axşam digərini qəbul etmək ən düzgün yanaşmadır.
Dəmir və sink, həmçinin dəmir və manqan da bir-birinin təsirini azaldır. Mis, molibden və sink birlikdə qəbul edildikdə də mənimsənilmə zəifləyir. Bundan başqa, yüksək doza C vitamini həzm sistemində B12 vitaminini parçalaya bilər, buna görə onların qəbulu arasında azı iki saatlıq fasilə saxlanmalıdır.
Həkim həmçinin əlavə edib ki, yağda həll olunan vitaminlər – A, D, E və K – bəzi mineral qarışıqları ilə birlikdə qəbul edildikdə həllolmaz birləşmələr yarada bilər və bu da onların faydasını azaldır.
Mütəxəssislər vurğulayır ki, vitamin və mineralları düzgün qəbul etmək orqanizmin sağlamlığı üçün ən az onların miqdarı qədər önəmlidir.