Payız-qış mövsümündə masaların ən sevilən nemətlərindən biri ev konservləridir. Foodinfo.az xəbər verir ki, diyetoloq Yelena Solomatina insanların sağlamlığı üçün ən təhlükəli konservlərin məhz göbələkdən hazırlananlar olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, göbələklərin məsaməli quruluşu və torpağa yaxın böyüməsi onların tərkibində klostridiya sporlarının qalmasına şərait yaradır. Bu bakteriya isə son dərəcə təhlükəli botulotoksin ifraz edir. Məhz bu maddə insanda botulizm xəstəliyinə səbəb olur və vaxtında müdaxilə edilməsə, ölümlə nəticələnə bilər.

“Botulotoksin o qədər güclü təsirə malikdir ki, insan həyatını bir neçə saat ərzində təhlükə altına sala bilər. Xüsusilə uşaqlar, yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər üçün risk daha yüksəkdir”, – deyə həkim xəbərdarlıq edib.

Klostridiya sporları adi qaynadılmaya belə davam gətirir və bəzən 4-5 saata qədər məhv olmur. Onlar konservdən sonra yarım ildən çox müddətdə belə aktivləşə bilər. Maraqlıdır ki, toksin bankanın içində bərabər paylanmadığından, bəzən ailə üzvləri eyni konservi yesə də, yalnız bir nəfərdə zəhərlənmə əlamətləri müşahidə oluna bilər.

Botulizmin ilkin əlamətləri isə çox vaxt nevroloji pozğunluqları xatırladır: göz qapağının sallanması, nitqin pozulması, yuxululuq, diqqət dağınıqlığı və şüur bulanıqlığı. Bu səbəbdən düzgün diaqnozun gec qoyulması insanın həyatını xilas etmə imkanlarını azaldır.

Həkim həmçinin vurğulayıb ki, tanımadığınız şəxslərdən alınan və ya hətta tanışların hazırladığı göbələk konservlərinə qarşı ehtiyatlı olmaq lazımdır. Çünki əlavə risk faktoru kimi zəhərli göbələklərin (məsələn, solğun çətir, saxta göbələklər) təsadüfən banka qarışması və ya göbələklərin ətraf mühitdən ağır metallar toplaması da mümkündür.

Mütəxəssis qeyd edib ki, sənaye üsulu ilə hazırlanmış göbələk konservləri daha təhlükəsizdir. Zavodlarda istifadə edilən yüksək təzyiqli və xüsusi istiliklə işləmə texnologiyası botulizm riskini minimuma endirir.