
Dəmir çatışmazlığı bədəndə yorğunluq, halsızlıq və immun sisteminin zəifləməsinə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, diyetoloq Elizabet Barns gündəlik rasionda ət qəbul etməyən insanlar üçün faydalı olacaq, dəmirlə zəngin meyvə və giləmeyvələrin siyahısını açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, meyvə və giləmeyvələrdə olan dəmir bədənin onu mənimsəməsi baxımından heyvani məhsullardakı qədər asan deyil. Amma onların üstünlüyü ondadır ki, tərkibindəki C vitamini və antioksidantlar dəmirin daha yaxşı mənimsənilməsinə kömək edir və ümumi sağlamlığa fayda verir.
Qurudulmuş şaftalı – yarım stəkanda 3,3 milliqram dəmir var. Həmçinin yüksək C vitamini ilə diqqət çəkir.
Qurudulmuş ərik – yarım stəkanda 2,1 milliqram dəmir və 5 qram lif ehtiva edir. Bu, həm bağırsaqların sağlamlığına, həm də gündəlik enerji balansına dəstək olur.
Tut (şamama, şələm) – yarım stəkanda 1,3 milliqram dəmir var. Bundan başqa, güclü antioksidantları sayəsində iltihab əleyhinə təsir göstərir.
Qurudulmuş əncir – yarım stəkanda 1,5 milliqram dəmir verir. Həmçinin kalsium və fosforla zəngindir ki, bu da sümüklərin möhkəmliyinə müsbət təsir göstərir.
Kişmiş – yarım stəkanda 1,4 milliqram dəmir var. Kalium və maqneziumla zəngin olduğu üçün ürək-damar sağlamlığını dəstəkləyir.
Turş albalı – yarım stəkanda 0,5 milliqram dəmir ehtiva edir. Onun tərkibindəki polifenollar isə orqanizmdə iltihabı azaldır.
Diyetoloq əlavə edir ki, gündəlik dəmir tələbatı yaşa, cinsə və orqanizmin xüsusiyyətlərinə görə dəyişir. Məsələn, 50 yaşına qədər qadınların gündəlik təxminən 18 milliqram, kişilərin və yaşlı insanların isə təxminən 8 milliqram dəmir qəbul etməsi tövsiyə olunur. Bitki mənşəli qidaları üstün tutan insanların isə bir qədər daha çox dəmirə ehtiyacı ola bilər.