
Son illərdə sümük və oynaq xəstəlikləri gənc yaşlarda daha çox müşahidə olunur. Foodinfo.az xəbər verir ki, ortoped, 20 illik təcrübəyə malik həkim Andrey Litvinenko bu tendensiyanın əsas səbəbinin hərəkətsiz həyat tərzi olduğunu bildirir.
Əvvəllər bu problemlərlə əsasən yaşlı insanlar müraciət edirdisə, indi 30–40 yaşlı və daha gənc şəxslər də tez-tez həkimə gedirlər. Uzun müddət kompüter və telefon qarşısında oturmaq qan dövranını zəiflədir, sümüklərin və oynaq toxumalarının qidalanmasını pozur.
Hərəkətsizlik nəticəsində əzələlər zəifləyir, yük düzgün paylanmır və bu, oynaq iltihablarına və deformasiya riskinə gətirib çıxarır. Həkim həmçinin kalsium, D vitamini, maqnezium və zülal çatışmazlığı, artıq çəki və COVID-19-un bəzi uzunmüddətli fəsadlarını risk faktorları siyahısına daxil edir.
Zərərli vərdişlər də oynaq və sümük sağlamlığına mənfi təsir göstərir: spirtli içkilər sümük iliyi funksiyasını azaldır, damarları daraldır, nikotin isə qan dövranını zəiflədir və erkən osteoporoz riskini artırır.
Litvinenko qeyd edir ki, sümükləri və oynaqları qorumaq üçün gündəlik hərəkət etmək, balanslı qidalanmaq, çəkiyə nəzarət etmək və zərərli vərdişlərdən uzaq durmaq lazımdır.
Mütəxəssisin tövsiyələrinə əməl etməklə gənclərdə oynaq və sümük xəstəliklərinin riski əhəmiyyətli dərəcədə azaldıla bilər.