Diş çürüməsi çoxlarına kiçik və zərərsiz bir problem kimi görünsə də, stomatoloqlar son dövrlərdə pasiyentlərin gec müraciəti səbəbindən ağırlaşmış halların artdığını bildirirlər.
Foodinfo.az xəbər verir ki, vaxtında müalicə olunmayan ən adi çürük belə ciddi fəsadlara yol aça bilər.
İlkin mərhələdə sadəcə ləkələnmə və ya yüngül həssaslıq kimi görünən çürük qısa müddətdə dərinləşərək dişin daxili qatına – pulpasına qədər irəliləyir. Bu proses güclü ağrı, şişkinlik və infeksiyanın yayılması ilə müşahidə edilir.
Stomatoloqların sözlərinə görə, müalicə olunmayan çürük pulpa iltihabına, diş əti infeksiyalarına, irin yığılması ilə nəticələnən absesə, üz nahiyəsində şişkinliyə, çənə sümüyünə yayılan infeksiyaya, ağır hallarda isə sepsiyə və ürək-damar fəsadlarına səbəb ola bilər.
Çürük irəlilədikcə dişi xilas etmək çətinləşir və nəticədə kanal müalicəsi və ya dişin çəkilməsi qaçınılmaz olur. Mütəmadi diş müayinəsindən keçmək və ən kiçik simptom ortaya çıxan kimi həkimə müraciət etmək tövsiyə edilir.






