C vitamini deyildikdə ilk ağıla gələn meyvələrdən biri portağaldır. Lakin mütəxəssislər bildirir ki, çoxlarının yalnız göyərti kimi tanıdığı cəfəri C vitamini baxımından portağalı geridə qoyur. 

Foodinfo.az xəbər verir ki, aparılan qida tərkibi analizləri bu göyərtinin immunitet üçün əsl təbii mənbə olduğunu göstərir.

100 qram təzə cəfərinin tərkibində təxminən 130–160 milliqram C vitamini mövcuddur. Müqayisə üçün, eyni miqdarda portağalda bu göstərici 50–55 milliqram civarındadır. Bu da cəfərinin portağaldan təxminən 2–3 dəfə daha zəngin olduğunu sübut edir.

C vitamini immun sistemini gücləndirməklə yanaşı, dərinin sağlamlığında, kollagen sintezində və dəmirin sorulmasında mühüm rol oynayır. Bu baxımdan cəfəri yalnız yeməklərə dad qatmaq üçün deyil, sağlam qidalanmanın vacib hissəsi kimi dəyərləndirilir.

Cəfərinin çiy halda istifadə edilməsi tövsiyə olunur. Çünki C vitamini istiliyə həssasdır və bişirmə zamanı qismən itə bilər. Salatlara əlavə edilən təzə cəfəri orqanizm üçün daha faydalı hesab olunur.

Gündəlik rasiona cəfərinin daxil edilməsi immunitetin möhkəmlənməsinə, yorğunluğun azalmasına və ümumi sağlamlığın qorunmasına müsbət təsir göstərir.