Aralıq dənizi pəhrizi yalnız ürək-damar sistemi üçün deyil, diş əti sağlamlığı üçün də mühüm faydalar təmin edir.
Foodinfo.az xəbər verir ki, bu pəhrizin tərkibində olan antioksidantlar, sağlam yağlar və iltihab əleyhinə qidalar diş ətlərinin daha möhkəm və sağlam qalmasına kömək edir.
Aralıq dənizi pəhrizində əsas yer tutan zeytun yağı, balıq, tərəvəz, meyvə, qoz-fındıq və tam taxıllar bədəndəki iltihabı azaltdığı kimi, diş ətində yaranan iltihabi proseslərin qarşısını da alır. Bu isə diş daşının yığılmasını azaldır, qingivit və parodontit riskini aşağı salır.
Xüsusilə omega-3 ilə zəngin balıq məhsulları diş ətinin qan dövranını yaxşılaşdırır və toxumaların bərpasını sürətləndirir. Eyni zamanda, tərəvəz və meyvələrdəki C vitamini diş ətinin möhkəmlənməsinə və qanaxmaların azalmasına səbəb olur.
Tədqiqatçılar vurğulayır ki, Aralıq dənizi pəhrizinə əməl etmək ağız sağlamlığı üçün sadə, lakin effektiv üsuldur. Onlar gündəlik rasionda təbii və emal olunmamış qidalara üstünlük verilməsini tövsiyə edir.
Bu pəhriz uzunmüddətli şəkildə tətbiq edildikdə diş əti xəstəliklərinin qarşısını almaqda mühüm rol oynaya bilər.






