Payız-qış mövsümünün sevimli qidalarından olan şabalıd həm dadı, həm də sağlamlığa faydaları ilə diqqət çəkir. Bu meyvə tərkibindəki yüksək vitamin və minerallar sayəsində həm enerji verir, həm də immuniteti gücləndirir.
Foodinfo.az xəbər verir ki, şabalıdın ən önəmli xüsusiyyətlərindən biri ürək-damar sağlamlığını qorumasıdır. Kaliumla zəngin olan bu qida qan təzyiqini tənzimləyərək ürək xəstəlikləri riskini azaldır. Bundan başqa, tərkibindəki antioksidantlar damar elastikliyini artırır.
Qida dəyəri yüksək olan şabalıdın enerjivermə xüsusiyyəti də vurğulanır. Karbohidrat baxımından zəngin olan bu məhsul xüsusilə soyuq havalarda bədənə güc və dözümlülük qazandırır, uzun müddət toxluq hissi yaradır.
Həzm sisteminə də müsbət təsir göstərməsi ilə tanınan şabalıd liflə zəngin olduğu üçün qəbizliyin qarşısını alır, bağırsaq fəaliyyətini tənzimləyir. C vitamini və digər antioksidantlar sayəsində immuniteti gücləndirir, bədəni viruslara qarşı daha davamlı edir.
Şabalıd tərkibindəki kalsium, maqnezium və fosforla sümük sağlamlığını möhkəmləndirir, fol turşusunun yüksək olması səbəbilə hamilələr üçün də faydalıdır.
Bununla yanaşı, bəzi şəxslər ehtiyatlı olmalıdır. Xüsusilə diabet xəstələrinin miqdarına diqqət etməsi, allergiyası olanların isə şabalıddan uzaq durmaları tövsiyə olunur.
Qeyd edək ki, şabalıdın həm qaynadılmış, həm də qovrulmuş şəkildə istehlakı mümkündür və hər iki formada yüksək qida dəyərini qoruyub saxlayır.






