Sadə inqrediyentlərlə hazırlanan fransız tostları bir çox ölkədə məşhur səhər yeməklərindən sayılır. Karamel qabığı və vanilli sousla təqdim olunan bu şirin yemək həm dadlı, həm də qısa vaxtda hazırlanan desert kimi seçilir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu məşhur yeməyin tarixi gözlənildiyindən daha maraqlıdır. İlk dəfə bu sadə desert haqqında Almaniyada danışılıb və o zamanlar yemək “Kasıb cəngavər” adlandırılıb. Bu adın yaranması templar cəngavərlərinin qidalanmasının sadə olması ilə əlaqələndirilir.
Sonralar ingilislər resepti dəyişdirərək tostlara mürəbbə əlavə ediblər. Fransızlar isə bu yeməyi “itirilmiş çörək” adlandırıblar, çünki köhnəlmiş bagetdən istifadə olunurdu. Zaman keçdikcə aşpazlar resepti zənginləşdirərək vanilli sous, badam qırıntıları və müxtəlif meyvələr əlavə ediblər.
Maraqlıdır ki, “fransız tostu” adı Fransadan deyil, ABŞ-da fəaliyyət göstərən aşpaz Cozef Frençin səhv yazdığı addan yaranıb. O, yeməyi öz soyadı ilə adlandırmaq istəsə də, yazı səhvi nəticəsində bu ad geniş yayılıb və yemək fransız mətbəxi ilə əlaqələndirilib.
Bu dadlı səhər yeməyini hazırlamaq isə cəmi təxminən 20 dəqiqə çəkir və xüsusilə istirahət günləri üçün ideal seçim hesab olunur.
İnqrediyentlər:
-
1 ədəd baton
-
400 ml süd (3,2 %)
-
1 ədəd yumurta
-
3 ədəd yumurta sarısı
-
70 q ağ şəkər
-
40 q qəhvəyi şəkər
-
50 q kərə yağı
-
üyüdülmüş vanil – zövqə görə
-
vanilli dondurma – zövqə görə
Hazırlanması:
Əvvəlcə sous üçün qazana yumurta sarılarını və 40 qram ağ şəkəri əlavə edib yaxşı çalın. Daha sonra süd və vanil əlavə edərək qarışığı zəif odda qatılaşana qədər daim qarışdırın.
Batonu çubuq formasında doğrayın və kənar qabıqlarını kəsin.
Ayrı qabda süd, yumurta və qalan ağ şəkəri çalın. Doğranmış çörəkləri bu qarışığa batırıb hər iki tərəfinin yaxşı hopmasına imkan verin. Çörəkləri çox saxlamamaq vacibdir ki, həddindən artıq yumşalmasın.
Tavada kərə yağını və qəhvəyi şəkəri əridin. Çörək dilimlərini hər iki tərəfi qızarana və üzərində karamel qabığı əmələ gələnədək qapaq altında bişirin.
Hazır tostları boşqaba qoyub üzərinə vanilli sous əlavə edin və sonda bir kürə vanilli dondurma ilə təqdim edin.






