Uzun müddət ayaq üstə qalmaq və ya bədənin həddindən artıq yüklənməsi damar sağlamlığına ciddi təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, terapevt, tibb elmləri namizədi Andrey Kondraxin bəzi peşələrdə tromb yaranma riskinin digərlərinə nisbətən daha çox olduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, əsas risk faktoru yükün çoxluğu deyil, məhz aşağı ətrafların həddindən artıq yüklənməsidir. Bu, venoz qan dövranını pozur və nəticədə damar xəstəliklərinin, xüsusilə də tromboemboliyanın inkişafına səbəb ola bilər.

Kondraxin qeyd edib ki, xüsusilə həkimlər, stomatoloqlar, cərrahlar, müəllimlər, yükləyicilər və daim ayaq üstə işləyən digər şəxslər bu problemlə üzləşə bilərlər. Onun fikrincə, bu peşələrdə çalışan insanların damar sağlamlığına xüsusi diqqət göstərməsi vacibdir.

Eyni zamanda həkim vurğulayıb ki, tromb yaranmasına meyillilik hər insanda fərqlidir. Eyni şəraitdə bir insanda problem yarana bilərkən, digərində heç bir fəsad müşahidə olunmaya bilər.

Kondraxin bildirib ki, risk faktorları olan şəxslərin ən etibarlı tədbirlərindən biri aşağı ətrafların mütəmadi olaraq ultrasəs müayinəsindən keçməsidir. Bu üsul erkən mərhələdə təhlükəni aşkar etməyə imkan verir.

Həkim əlavə edib ki, trombun qarşısını almağın əsas profilaktik tədbirlərindən biri də kompression geyimlərdən istifadədir. Belə vasitələr damarları dəstəkləyir, qan dövranını yaxşılaşdırır və ayaqlardakı yüklənməni azaldır.

Mütəxəssis xəbərdarlıq edib ki, peşə fəaliyyətindən asılı olmayaraq, hər kəs gündəlik həyatında daha çox hərəkət etməyə və ayaq sağlamlığına diqqət göstərməyə çalışmalıdır.