
Uşaqların qidalanma vərdişlərinin formalaşmasında valideynlərin yanaşması həlledici rol oynayır. Foodinfo.az xəbər verir ki, uşaq psixoloqu Natalya Naumova fast-fudun uşaqlara tamamilə qadağan edilməsinin düzgün olmadığını bildirib.
Mütəxəssisin sözlərinə görə, daha vacib olan uşağa sağlam qidalanma prinsiplərini izah etmək və balanslı menyunun əhəmiyyətini anlatmaqdır. Onun fikrincə, valideynlə uşaq arasında sakit və izahlı söhbət aparılması, qidalanma ilə bağlı məlumatların düzgün çatdırılması gələcəkdə sağlam həyat tərzinin təməlini qoya bilər.
Naumova qeyd edib ki, uşaqları sərt tənqid etmək, onların çəkisini qabartmaq və “sən köksən” kimi ifadələr işlətmək psixoloji travmaya səbəb ola bilər. Belə münasibət uşağın özünəinamını azaldır və əksinə, onu daha çox fast-fuda yönəldə bilər.
Ekspert hesab edir ki, uşağa kompliment etmək, onun güclü tərəflərini önə çəkmək və daha sonra dadlı, amma sağlam alternativlərdən danışmaq daha effektiv nəticə verəcək. Bu üsul həm uşağın motivasiyasını artırır, həm də valideynlə uşaq arasında güvən mühitini möhkəmləndirir.
Naumovanın fikrincə, fast-fudun tam qadağan edilməsi əks effekt yarada, gizli istək və inadla istehlaka gətirib çıxara bilər. Ən doğru yanaşma isə uşağa seçim mədəniyyətini öyrətmək, sağlam və zərərli qidalar arasında fərqi anlatmaqdır.
Psixoloq əlavə edib ki, düzgün istiqamətləndirilən qidalanma vərdişləri uşağın həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərəcək.