Tropik meyvələr arasında manqo xüsusi populyarlığa malikdir və son illərdə onun qurudulmuş forması da gündəlik qidalanmada geniş istifadə olunur

Foodinfo.az “Aif.ru” saytına istinadla xəbər verir ki, qidalanma üzrə mütəxəssis, dietoloq və idman məşqçisi Anastasiya Şamkiy süsəngən manqonun faydaları, riskləri və düzgün istehlak miqdarı haqqında açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, qurudulmuş manqo B qrupu vitaminləri, beta-karotin, C vitamini, kalium, maqnezium və dəmir kimi mühüm qida maddələrini qoruyub saxlayır. O, həmçinin antioksidant təsir göstərərək hüceyrələrin yaşlanma prosesini ləngidir və immun sistemini gücləndirir.

Şamkiy vurğulayıb ki, bu meyvə xüsusilə idmanla məşğul olanlar və zehni işlə məşğul şəxslər üçün tez enerji mənbəyi ola bilər. Eyni zamanda liflə zəngin olması həzmi yaxşılaşdırır, qanda şəkərin tarazlanmasına kömək edir və toxluq hissi yaradır.

Lakin qurudulmuş manqonun mənfi cəhətləri də az deyil. 100 qramlıq porsiyada 60 qramdan çox sadə karbohidrat mövcuddur ki, bu da şəkər xəstəliyi və insulin müqaviməti olan şəxslər üçün risk daşıyır. Şirin dadı səbəbindən normadan artıq yeyildikdə isə çəki artımına səbəb ola bilər.

Ekspert əlavə edib ki, bəzi istehsalçılar məhsulun rəngini saxlamaq üçün kimyəvi konservantlardan istifadə edir, bəzən isə əlavə şəkər qatırlar. Bu səbəbdən, istehlakçılara yalnız “şəkərsiz” və “konservantsız” məhsullara üstünlük vermələri tövsiyə olunur.

Şamkiy xəbərdarlıq edib ki, sağlam insanlar üçün gündə 30 qramlıq (təxminən bir ovuc) süsəngən manqo kifayət qədər təhlükəsiz hesab olunur. Daha yüksək miqdarda qəbulu isə həm şəkərin normadan artıq qəbuluna, həm də həzmsizlik və allergik reaksiyalara gətirib çıxara bilər.