Evdə təmizlik və gigiyena qaydalarına əməl olunmadıqda sağlamlıq üçün ciddi risklər yarana bilər. Foodinfo.az xəbər verir ki, məkan təşkilatçısı İrina Yaşina mətbəxdə ən çox bakteriya yığan əşyaların hansılar olduğunu açıqlayıb.

Onun sözlərinə görə, birinci yerdə qab yumaq üçün istifadə olunan süngər və ya parça dayanır. Hətta diqqətlə yuyulduqda belə onların üzərində qida qalıqları qalır ki, bu da təhlükəli mikroorqanizmlərin çoxalması üçün ideal şərait yaradır. Araşdırmalar göstərib ki, mətbəx süngərlərində stafilokokk, bağırsaq çöpü və kif göbələklərinin koloniyaları aşkarlanıb.

Yaşina qeyd edib ki, süngərlər ayda ən azı üç-dörd dəfə dəyişdirilməlidir. Siyahının ikinci sırasında isə doğrama lövhələri dayanır. Materialından asılı olmayaraq, lövhələrin üzərindəki mikroçatlarda qida qalıqları yığılır və bakteriyaların çoxalmasına şərait yaradır.

Ekspertin tövsiyəsinə görə, ət, balıq, tərəvəz və çörək üçün ayrıca lövhə istifadə olunmalı və onlar ən azı altı aydan bir yenilənməlidir. Lövhələrin dezinfeksiyası üçün ya qabyuyan maşından, ya da qaynar sudan istifadə etmək məsləhətdir.

Yaşina əlavə edib ki, digər mətbəx əşyalarına da xüsusi diqqət lazımdır. Məsələn, zibil qabı paketlə istifadə olunsa belə, ayda bir dəfə dezinfeksiya edilməlidir. Mətbəx çanağı isə daim qida tullantıları ilə təmasda olduğuna görə həftədə ən azı bir, daha yaxşısı iki-üç dəfə diqqətlə təmizlənməlidir.

Mütəxəssis vurğulayıb ki, mətbəxdə sadə gigiyena qaydalarına əməl olunması ailənin sağlamlığının qorunması üçün mühüm addımdır.