
Qidalanma mütəxəssisləri bildirirlər ki, düzgün seçilmiş zülallı içkilər yalnız idmanla məşğul olanlar üçün deyil, həm də həzm problemləri yaşayan insanlar üçün faydalı ola bilər.
Foodinfo.az xəbər verir ki, tibb elmləri namizədi, dietoloq Yelena Solomatina “Veçernyaya Moskva”ya açıqlamasında zülallı kokteyllərin xüsusilə mədə-bağırsaq sistemi zəif olan şəxslər üçün dəstəkləyici təsir göstərə biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, zərdab mənşəli zülal bədənin bir çox həyati proseslərində iştirak etdiyi üçün orqanizmin ümumi sağlamlığını gücləndirir və həzm sistemini yükləmir. “Belə içkiləri rasiona əlavə etməklə orqanizm lazımi amin turşuları ilə təmin olunur, bu isə bərpa və enerji mübadiləsini yaxşılaşdırır”, – deyə Solomatina bildirib.
Ekspert həmçinin qeyd edib ki, zülallı məhsulları yalnız kokteyl formasında deyil, müxtəlif qidalarla da birləşdirmək mümkündür. Məsələn, onları supa, turş süd məhsullarına əlavə etmək və ya aralıq qida kimi istifadə etmək effektiv nəticə verir. “Belə yanaşma insana uzunmüddətli toxluq hissi bəxş edir və eyni zamanda mədədə ağırlıq yaratmır”, – deyə mütəxəssis əlavə edib.
Mütəxəssislər hesab edir ki, xüsusilə zəif iştahı olan və ya qida qəbulunda çətinlik yaşayan şəxslər üçün bu tip kokteyllər asan həzm olunan, lakin yüksək qida dəyərinə malik seçim ola bilər. Beləliklə, zülallı içkilər yalnız idmançılar üçün deyil, həm də mədə-bağırsaq sağlamlığını qorumaq istəyən hər kəs üçün faydalı qida vasitəsinə çevrilə bilər.