Yaş artdıqca sümük sağlamlığı insan orqanizmi üçün ən vacib mövzulardan birinə çevrilir. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, Edimdoma.ru-nun məlumatına görə, altmış beş yaşa çatanda qadınların yarısında, kişilərin isə dörddə birində osteoporoz aşkarlanır.

Mütəxəssislər bildirirlər ki, ən çox sevilən içkilərdən biri – şirin qazlı içkilər sümük zəifliyini daha da sürətləndirə bilər.

Tədqiqatlar göstərib ki, qazlı içkilərin müntəzəm istifadəsi sümük mineral sıxlığını azaldır və sınıqların riskini artırır. Ən böyük təhlükə isə qadınlarda müşahidə olunub.

Ortoped-cərrah Duq Lukasın sözlərinə görə, əsas problem qazlı içkilərin tərkibindəki fosfor turşusudur. Bu maddə kalsium-fosfor balansını pozur, nəticədə orqanizm paratiroid hormonu ifraz edir və sümüklər parçalanmağa başlayır. Üstəlik, fosfor turşusu kalsiumun sorulmasına mane olur, bu isə sümük toxumasında kalsium yığılmasını zəiflədir və metabolizmi pozur.

Həkimlər qazlı içkiləri menyudan çıxarmağı və onları daha faydalı alternativlərlə əvəz etməyi məsləhət görürlər. Süd, təmiz su və şəkərsiz bitki çayları bu baxımdan ən münasib içkilər sayılır.

Bundan başqa, rasionda kalsiumla zəngin qidaların – yaşıl yarpaqlı tərəvəzlərin, süd məhsullarının, badam və tofunun olması mühümdür. Yuxu rejiminə riayət etmək də vacibdir, çünki sümük toxumasının bərpası əsasən gecə saatlarında baş verir.