Uşaqlarda dəmir çatışmazlığı anemiyası ciddi tibbi nəzarət tələb edən xəstəliklərdən biridir. Foodinfo.az xəbər verir ki, pediatr Anton Proxorenko valideynlərə xəbərdarlıq edərək bildirib ki, belə hallarda təkcə qidalanma ilə hemoglobini artırmaq mümkün deyil.

Onun sözlərinə görə, nə vitaminlər, nə hematogen, nə də çuğundur, alma, nar və qarabaşaq kimi məhsullar dəmir çatışmazlığı olan uşaqlarda problemi tam aradan qaldıra bilməz. “Əgər artıq dəmir çatışmazlığı diaqnozu qoyulubsa, yeganə effektiv yol dəmir preparatları ilə müalicədir,” – deyə həkim vurğulayıb.

Mütəxəssis əlavə edib ki, ət, qaraciyər, yumurta, dəniz məhsulları, paxlalılar, nar və göyərti uşaqların rasionunda faydalı olsa da, onları dərman əvəzi kimi qəbul etmək düzgün deyil.

Proxorenkonun sözlərinə görə, müalicə kursu ən azı üç ay davam etməlidir. Bu müddətdə həkimin nəzarəti ilə təkcə hemoglobin səviyyəsi bərpa olunmur, həm də orqanizmdə dəmir ehtiyatı yaradılır.

Həkim valideynlərə məsləhət görüb ki, özbaşına müalicədən uzaq dursunlar və dəmir çatışmazlığı aşkarlanarsa, uşağın qidalanmasını həkimlə birlikdə düzgün planlaşdırsınlar.