Uşaqlarda və yeniyetmələrdə qidalanma davranışındakı dəyişikliklər bəzən valideynlərin diqqətindən yayınır və uzun müddət hiss olunmur. Foodinfo.az bildirir ki, Sıçenov Universitetinin psixiatriya və narkologiya kafedrasının müdiri, professor Marina Kinkulkina qidalanma pozuntularının çox vaxt gözə dəyməyən, amma ciddi sayılan bir neçə əlamətini açıqlayıb.

Onun sözlərinə görə, yemək vaxtının anormal şəkildə uzanması ilk diqqət edilməli məqamlardandır. Kinkulkina qeyd edir ki, əgər uşaq yeməyi 1–1,5 saata qədər yeyirsə və yeməkdən çox onu “ayırır”, qidanı boşqabda müxtəlif tərəflərə səpələyirsə, bu davranış problemi işarə edə bilər. Mütəxəssis həmçinin vurğulayır ki, uşağın yeməyi mikroskopik hissələrə doğraması da təhlükə siqnalıdır.

O bildirir ki, qeyri-adi qida kombinasiyalarından istifadə, əvvəllər sevdiyi yeməklərdən qəfil imtina və bunu “yeni inanclar”la izah etmək də pozuntuya işarə edən davranışlardır. Kinkulkina valideynləri daha diqqətli olmağa çağırır və bildirir ki, bu əlamətlər ilkin mərhələdə aşkarlanarsa, müalicə daha effektiv olur. Mütəxəssis əlavə edir ki, qidalanma pozuntusu təkcə fiziki deyil, psixoloji sağlamlığa da ciddi təsir göstərən kompleks bir vəziyyətdir.

O, belə hallarda psixoloq və ya psixiatrla vaxtında məsləhətləşmənin vacibliyini qeyd edir. Bu cür dəyişikliklərə biganə yanaşmaq isə uşağın emosional və fiziki inkişafında uzunmüddətli fəsadlara səbəb ola bilər.