Turşu və turşu məhsulları hər kəs üçün uyğun deyil. Foodinfo.az Life.ru-ya istinadla xəbər verir ki, dietoloq Anastasiya Lebedeva mədə-bağırsaq sistemi xəstəlikləri olan insanların bu məhsullardan imtina etməli olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, qastrit, pankreatit, xoralar və duodenit kimi xəstəliklərin kəskinləşdiyi dövrlərdə turşu məhsulları selikli qişada iltihabı gücləndirir və xora ilə eroziyanın inkişafını sürətləndirə bilər. Belə hallarda turşu yemək mədədə narahatlıq, ağırlıq və yanma hissini artırır.

Lebedeva həmçinin qeyd edir ki, sağlam insanlar üçün turşular həftədə iki-üç dəfə əsas yeməyin əlavəsi kimi qida rasionuna daxil edilə bilər. Onun sözlərinə görə, bu məhsullar mətbəxdə dad artırıcı rol oynayır, lakin həddindən artıq istehlakı mədə-bağırsaq sistemi üçün mənfi təsir göstərə bilər.

Bundan əlavə, dietoloq turşuların tərkibində natriumun çox olmasına diqqət çəkir; yüksək duz miqdarı arterial təzyiqi artırmaq və ödem yaratmaq riski daşıyır. Ona görə də mədə-bağırsaq problemləri olan şəxslər turşuları tamamilə kənarlaşdırmalı, sağlam insanlar isə istehlak miqdarına nəzarət etməlidirlər.