Kakao ürək-damar sağlamlığını qorumaqda mühüm rol oynaya bilər. Foodinfo.az Journal of Physiology jurnalına istinadla xəbər verir ki, Birmingem Universitetinin britaniyalı alimləri müəyyən ediblər: kakao tərkibindəki təbii flavanollar oturaq həyat tərzinin damar sisteminə mənfi təsirini azaldır.
Tədqiqatda 40 sağlam kişi iştirak edib. Onların yarısı fiziki cəhətdən aktiv, digərləri isə azhərəkətli idi. İştirakçılara yüksək (695 mq) və ya çox az (5,6 mq) flavanol tərkibli kakao içkisi verilib, sonra isə onlar iki saat boyunca oturaq vəziyyətdə qalıblar.
Nəticələr göstərib ki, yüksək flavanol tərkibli kakao içənlərin damar fəaliyyəti oturaraq keçirdikləri müddətdən sonra da sabit qalıb. Lakin az flavanol tərkibli içki qəbul edən şəxslərdə qan axını zəifləyib və arterial təzyiq bir qədər artıb.
Alimlərin sözlərinə görə, bu qoruyucu təsir iştirakçıların fiziki hazırlıq səviyyəsindən asılı olmayıb. Yəni, həm aktiv, həm də azhərəkətli insanlar kakaodan eyni dərəcədə fayda görüblər.
Tədqiqatçılar qeyd ediblər ki, flavanollar təkcə kakaoda deyil, həm də alma, gavalı, şaftalı, giləmeyvə, qoz, yaşıl və qara çay, kələm və pomidor kimi məhsullarda da mövcuddur.
Mütəxəssislər hesab edirlər ki, bu cür təbii birləşmələr gündəlik rasionda yer aldıqda damar sağlamlığına uzunmüddətli müsbət təsir göstərə bilər.






