Bitkilərin torpaqdan qida maddələri ilə yanaşı, toksinləri də udma qabiliyyəti alimlər üçün uzun illərdir maraq doğurur. Foodinfo.az Gazeta.ru-ya istinadla xəbər verir ki, Yaponiyanın Kobe Universitetinin tədqiqatçıları balqabaqkimilər fəsiləsinə aid tərəvəzlərin — balqabaq, kabak, yemiş, qovun və xiyarın — niyə torpaqdan daha çox zərərli maddə topladığını müəyyən ediblər.

Araşdırma Plant Physiology and Biochemistry jurnalında dərc olunub. Məlum olub ki, bu tərəvəzlər torpaqdakı dayanıqlı çirkləndiriciləri udaraq onları meyvələrində toplayır. Bu isə insan orqanizmi üçün potensial təhlükə yarada bilər.

Tədqiqatın rəhbəri, aqrobioloq Xideyuki Inui bildirib ki, digər bitkilər bu qədər toksin toplamadığı halda, balqabaqkimilərin bu davranışı onların biokimyəvi xüsusiyyətlərindən qaynaqlanır. Komanda daha əvvəl həmin bitkilərdə çirkləndiriciləri daşıyan xüsusi zülal sinfini müəyyən edib.

Yeni nəticələr göstərib ki, toksinləri daha çox yığan sortlarda bu zülallar bitkinin şirəsinə keçir, digərlərində isə hüceyrə daxilində qalır. Bu fərq, amin turşularının ardıcıllığındakı cüzi dəyişikliklərlə əlaqələndirilir.

“Yalnız bitki şirəsinə ifraz olunan zülallar toksinləri meyvəyə daşıya bilir. Bu da təhlükəli və davamlı sortları bir-birindən fərqləndirən əsas amildir,” – deyə Inui vurğulayıb.

Alimlərin fikrincə, bu mexanizmin öyrənilməsi daha təhlükəsiz tərəvəz növlərinin yetişdirilməsinə yol aça bilər. Zülalların fəaliyyətinə nəzarət etməklə bitkilərin zərərli maddələri meyvəyə keçirməsinin qarşısını almaq mümkündür.

Tədqiqat həmçinin ekoloji baxımdan mühüm istiqamətə – fitoremediasiyaya – də töhfə verə bilər. Yəni, müəyyən bitkilər vasitəsilə torpağın zərərli maddələrdən təmizlənməsi mümkündür. Bu isə kənd təsərrüfatında ekoloji innovasiyalar üçün yeni imkanlar açır.