
Xüsusi bəzi insanlar üçün çiyələk gündəlik qidaya daxil edilməlidir. Foodinfo.az xəbər verir ki, diyetoloq Tatyana Zalyotova bildirib ki, çiyələk güclü iltihab əleyhinə və antioksidant təsirə malikdir.
Ekspert izah edib ki, çiyələyi faydalı edən əsas maddələrdən biri proantosiyanidlərdir. Bu maddələr bakteriyaların sidik yolları və mədə divarına yapışmasını əngəlləyir. “Bu, sistit və uretritə qarşı əsas silahdır,” – deyə diyetoloq vurğulayıb.
Bundan əlavə, çiyələkdə olan kversetin flavonoidi və C vitamini damar divarlarını möhkəmləndirir və oksidləşmə stresinə qarşı mübarizə aparır. Meyvənin tərkibindəki üzvi turşular isə antibakterial təsir göstərir və həzmi yaxşılaşdırır.
Zalyotova qeyd edib ki, çiyələk sidik yollarındakı bakteriyalara, həmçinin ağız boşluğundakı bakteriyalara qarşı da təsirlidir, bu da diş çürüməsinin və diş ət xəstəliklərinin riskini azaldır. Hətta bəzi viruslara qarşı da faydalıdır, məsələn, herpes virusunun səbəb olduğu səpkilərin tezliyini azalda bilər.
Diyetoloq tövsiyə edir ki, çiyələk xroniki sidik yolu infeksiyası olanlara, ağız problemləri yaşayanlara, ürək-damar xəstələrinə və tez-tez soyuqdəymə keçirməyə meyilli insanlara gündəlik qidada daxil edilsin.
Eyni zamanda həkim xəbərdarlıq edib ki, oksalat daşları ilə bağlı böyrək daş xəstəliyi olan şəxslər çiyələyi yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etməlidirlər.