Balqabaq sağlam qidalanmaya önəm verən insanların menyusunda getdikcə daha çox yer alır. Foodinfo.az BB.LV saytına istinadən xəbər verir ki, diyetoloq Samanta Qriner balqabağın, xüsusilə də zukini növünün arıqlamaq istəyənlər üçün olduqca faydalı olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, bu tərəvəz İtaliyadan yayılıb və uzunömürlü insanları ilə tanınan bölgələrin qida rasionunda mühüm yer tutur. O hesab edir ki, balqabağın gündəlik qidada olması ümumi sağlamlığa müsbət təsir göstərir.
Samanta Qriner qeyd edib ki, balqabaq digər növlərlə müqayisədə daha yumşaq dada və zərif quruluşa malikdir. Bu xüsusiyyətlər onu həm asan həzm olunan, həm də geniş istifadə edilən tərəvəzə çevirir. Balqabaq orqanizm üçün vacib olan bir sıra faydalı maddələrlə zəngindir. Xüsusilə də su tərkibinin yüksək olması onu az kalorili qida edir.
Diyetoloqun sözlərinə görə, balqabaq demək olar ki, karbohidratsızdır və bu, çəkinin azalmasına müsbət təsir göstərir. Eyni zamanda bu xüsusiyyət ürək-damar sağlamlığı üçün də faydalıdır. Uzun illər aparılan araşdırmalar qidaların zərərli xolesterinin səviyyəsinə təsirini öyrənib. Məlum olub ki, balqabağın tərkibində olan pektin bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Pektin suda həll olunan lif növüdür və ürəyin sağlamlığını dəstəkləyir. O, qanda xolesterin və triqliseridlərin səviyyəsini tənzimləməklə ürək-damar xəstəlikləri riskini azaldır. Bundan əlavə, balqabaq kaliumla zəngindir. Kalium qan dövranını yaxşılaşdırır, qan təzyiqinin nəzarətdə saxlanmasına kömək edir və ürək əzələsini möhkəmləndirir.
Mütəxəssis vurğulayıb ki, balqabağın tərkibindəki təbii maye orqanizmdə su-duz tarazlığının qorunmasında mühüm rol oynayır. Xolesterin səviyyəsi yüksək olan insanlara balqabağı mütəmadi olaraq qida rasionuna daxil etmək tövsiyə olunur. Onu çiy halda doğrayaraq salatlara qatmaq, eləcə də qaynadaraq şorbalarda istifadə etmək mümkündür. Diyetoloq əlavə edib ki, balqabaq reyhan, zeytun yağı, limon suyu, sarımsaq və soğanla birlikdə həm dadlı, həm də faydalı yeməklər hazırlamaq üçün ideal seçimdir.






