Təbii şəraitdə bitən və xalq arasında yabanı gavalı kimi tanınan qaratikan meyvəsi zəngin tərkibi sayəsində sağlamlıq üçün dəyərli qidalar sırasında yer alır. Əsrlərdir xalq təbabətində istifadə olunan bu meyvə son illər yenidən diqqət mərkəzinə düşüb.

Foodinfo.az xəbər verir ki, qaratikan C vitamini və antioksidantlarla zəngindir. Bu maddələr immun sisteminin güclənməsinə kömək edir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Mövsümündə qaratikan istehlakı xüsusilə soyuq aylarda faydalı hesab olunur.

Qaratikan həzm sisteminə də müsbət təsir edir. Tərkibindəki liflər bağırsaq fəaliyyətini tənzimləyir, qəbizlik riskini azaldır və həzmi asanlaşdırır. Bu səbəbdən bağırsaq problemləri yaşayan şəxslərə ölçülü şəkildə tövsiyə olunur.

Qaratikan meyvəsinin antioksidant təsiri də xüsusi vurğulanır. Flavonoidlər və polifenollar hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyaraq vaxtından əvvəl qocalmanın qarşısını almağa kömək edir.

Bu bitki ürək-damar sağlamlığı üçün də faydalıdır. Qan dövranını yaxşılaşdırması və damarların elastikliyini qoruması bu meyvəni ürək üçün yararlı qidalar sırasına daxil edir.

Eyni zamanda qaratikanın yüngül sidikqovucu təsiri olduğu, orqanizmdə artıq mayenin atılmasına və ödemlərin azalmasına kömək etdiyi bildirilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, turşməzə dadına görə qaratikanın həddindən artıq istehlakı mədə həssaslığı yarada bilər.

Qeyd olunur ki, xroniki xəstəliyi olan şəxslər və hamilə qadınlar qaratikanı rasionlarına daxil etməzdən əvvəl həkim məsləhəti almalıdırlar.