Qastroenteroloq, “Gemotest” laboratoriyasının eksperti, tibb elmləri namizədi Yekaterina Kaşux stressin həzm sistemi sağlamlığına təsirinə diqqət çəkib. Foodinfo.az bildirir ki, mütəxəssisin sözlərinə görə, mövsümi stress mədənin sekretor fəaliyyəti və bağırsaqların hərəkətliliyinin sinir tənzimlənməsinə mənfi təsir göstərə bilər.

Xüsusilə payız-qış mövsümündə insanların əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün daha ağır qidalara üstünlük verdiyi qeyd olunur. Bu dövrdə alkoqol qəbulunun artması da müşahidə edilir. Həkim bildirib ki, yağlı ətlər, kartof, bişmiş xəmirlər, qızardılmış yeməklər və bulyonlu şorbalar həzm sisteminə əlavə yük yaradır. Belə qidaların parçalanması üçün mədə qidanı daha uzun müddət saxlamalı olur.

Eyni zamanda qaraciyər və öd kisəsi daha çox öd ifraz etməyə məcbur qalır. Bu isə qarında dolğunluq və ağırlıq hissinin yaranmasına səbəb olur. Kaşuxun sözlərinə görə, tez-tez mədə yanması da bu prosesin nəticəsi ola bilər. Mütəxəssis stressin azaldılması və qidalanmada yüngül yeməklərə üstünlük verilməsinin vacibliyini vurğulayıb. Balanslı menyu və düzgün həyat tərzi həzm sisteminin sağlamlığını qorumağa kömək edir.