Artıq çəki ilə mübarizə aparan insanlar üçün düzgün qida seçimi böyük əhəmiyyət daşıyır. Foodinfo.az BB.LV saytına istinadən xəbər verir ki, diyetoloqlar və tibb elmləri doktorları Temmi Lakatos Şeyms və Lissi Lakatos çəkiyə nəzarətdə ən təsirli məhsullardan birini açıqlayıblar. Mütəxəssislərin fikrincə, liflə zəngin qidalar arıqlama prosesinin əsasını təşkil edir. Bu cür məhsullar uzunmüddətli toxluq hissi yaradır və həddindən artıq yeməyin qarşısını alır.

Diyetoloqlar bildirirlər ki, bitki mənşəli qidalar lif baxımından zəngin olsa da, bu xüsusiyyəti zülalla birləşdirən məhsullar çox azdır. Onların fikrincə, püstə bu baxımdan xüsusi yer tutur. Temmi Lakatos Şeyms qeyd edir ki, püstə həm lif, həm də zülal tərkibli olduğu üçün ikiqat fayda verir. Bu xüsusiyyətlər insanın tez acmasının qarşısını alır və lazımsız qəlyanaltılara ehtiyacı azaldır.

Mütəxəssisin sözlərinə görə, lif həzm prosesini asanlaşdırır və mədə-bağırsaq sisteminə əlavə yük yaratmır. Lissi Lakatos da vurğulayır ki, təbii qidalarda lif və zülalın bu cür uyğunluğu nadir hallarda rast gəlinir. Araşdırmalara əsasən, 100 qram püstənin tərkibində təxminən 10 qram lif və 20 qram zülal mövcuddur. Bu göstəricilər qanda şəkərin səviyyəsinin sabit qalmasına kömək edir.

Diyetoloqlar bildirirlər ki, püstə şirniyyata olan həvəsi azaltmaqla arıqlama prosesində mühüm rol oynayır. Bundan əlavə, püstənin tərkibində olan antioksidantlar orqanizmdə iltihabi prosesləri zəiflədir. Mütəxəssislər bu cür iltihabların bəzən çəki itirməni çətinləşdirdiyini də xatırladırlar.

Diyetoloqlar püstəni gündəlik qida rasionuna ölçülü şəkildə daxil etməyi tövsiyə edirlər. Onu kəsmik, qatıq, yulaf sıyığı, salatlar, eləcə də balıq və ət yeməklərinə əlavə etmək mümkündür. Mütəxəssislərin fikrincə, düzgün miqdarda istifadə edildikdə püstə həm sağlamlıq, həm də arıqlama üçün faydalı seçim ola bilər.