
Yay mövsümündə çiy tərəvəz və meyvə istehlakı artsa da, onların təhlükəsiz istifadəsi mühüm məsələ olaraq qalır. Foodinfo.az bildirir ki, bu barədə Gemotest laboratoriyasının həkimi, qastroenteroloq Yekaterina Kaşux RT-yə müsahibəsində xəbərdarlıq edib. Mütəxəssis bildirib ki, yuyulmamış tərəvəz və çiy ət orqanizmə salmonella, listeriya və toksoplazma kimi təhlükəli infeksiyalar yoluxdura bilər.
Xüsusilə çiy balıq, az bişmiş ət, suşi və tartar kimi məhsullar ciddi sağlamlıq riski yaradır. Həkimin sözlərinə görə, hamilə qadınlar üçün bu cür infeksiyalar daha təhlükəlidir və vaxtından əvvəl doğuş və ya ölü doğuş riski yarada bilər. Qastroenteroloq hər kəsi yeməkdən əvvəl əl gigiyenasına ciddi əməl etməyə çağırıb. Mütəxəssis qeyd edib ki, çiy ət və balığın daxili temperaturu bişmə zamanı ən azı 70-75 dərəcə olmalıdır.
Eyni zamanda, çiy və bişmiş məhsullar üçün fərqli kəsmə taxtası və bıçaqlardan istifadə tövsiyə olunur. Tərəvəz və meyvələrin isə axar su altında yaxşıca yuyulması, hətta immuniteti zəif şəxslər üçün qaynar su ilə isladılması məsləhətdir. Çiy ətin soyuducuda saxlanma müddəti 1-2 günlə məhdudlaşdırılmalıdır. Həkim vurğulayıb ki, ürəkbulanma, ishal və qızdırma hallarında mütləq həkimə müraciət edilməlidir.