Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib.

Foodinfo.az xəbər verir ki, bu texniki normativ hüquqi akt respublika ərazisində istehsal edilən, emal edilən və ya idxal edilən ağıllı və aktiv material və məmulatlar da daxil olmaqla, Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”nda göstərilmiş material və məmulatlara dair tələbləri müəyyən edir. Müəyyən edilən tələblər qida məhsulunun bir hissəsini təşkil edən və onunla birlikdə istehlak edilə bilən, pendir qabıqları, istehlaka hazır ət məhsullarının və ya meyvələrin üzərində olan örtük materiallarına şamil olunmur.

Sənəddə qida məhsulları ilə təmasda olan material və məmulatlara dair ümumi tələblər, aktiv və ağıllı, kağız əsaslı, metal əsaslı, şüşə material və məmulatlara dair xüsusi tələblər, etiketlənmə tələbləri və bu material və məmulatlara dair məhdudiyyətlər öz əksini tapıb.

Qida ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli və qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır.

Qeyd edək ki, “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minəcək.

Qərarla ətraflı bu linkdə tanış ola bilərsiniz.